The Daily Baku
ABŞ Baş prokuroru: Maduro tezliklə məhkəmə qarşısına çıxarılacaq
3 yanvar 2026
20:18

ABŞ-ın Baş prokuroru Pam Bondi bildirib ki, Venesuela Prezidenti Nikolas Maduro “tezliklə Amerika ədliyyəsinin bütün sərtliyi ilə ABŞ məhkəmələrində cavab verəcək”.
"The Daily Baku" "Reuters"ə istinadən xəbər verir ki, Bondi sosial şəbəkə X platformasında yazıb ki, Maduro və onun həyat yoldaşı Siliya Flores Nyu-Yorkun Cənub Dairəsi üzrə ittiham olunublar. Onlara qarşı narkoterrorçuluqla bağlı cinayət sövdələşməsi, kokain qaçaqmalçılığı ilə bağlı sövdələşmə, həmçinin pulemyot və partlayıcı qurğulara sahib olmaq və buna dair sövdələşmə ittihamları irəli sürülüb.
ABŞ-ın Respublikaçı senatoru Mayk Li də X platformasında bildirib ki, Dövlət katibi Marko Rubio telefonla ona Maduronun saxlanıldığını və ABŞ-da cinayət ittihamları üzrə məhkəmə qarşısına çıxarılacağını deyib.
Senator qeyd edib ki, bu addım “ABŞ Prezidenti üçün Konstitusiyanın II maddəsi çərçivəsində Amerika vətəndaşlarını real və ya yaxın təhlükədən qorumaq səlahiyyətinə daxil ola bilər”.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan edib ki, Maduro və həyat yoldaşı ABŞ ordusunun Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyatları fonunda saxlanılaraq ölkədən çıxarılıb.
Xatırladaq ki, Venesuela vitse-prezidenti Delci Rodriqes dövlət televiziyasında çıxışı zamanı Maduronun və Siliya Floresin hazırkı yerləşmə yerinin məlum olmadığını bildirib və Vaşinqtonu “həyatda olma sübutu” təqdim etməyə çağırıb.
Son aylarda ABŞ Karib hövzəsində, o cümlədən Venesuela sahilləri yaxınlığında hərbi mövcudluğunu artırıb. Vaşinqton bunu narkotik qaçaqmalçılığı ilə mübarizə tədbirləri kimi əsaslandırır. Karakas isə bu iddiaları rədd edərək bunu hakimiyyət dəyişikliyinə yönəlmiş cəhd kimi qiymətləndirir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-bas-prokuroru-maduro-tezlikle-mehkeme-qarsisina-cixarilacaq