İsrail mediası "erməni soyqırımı"nın tanınmasının nəticələrini dəyərləndirib

İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq.
''The Daily Baku'' xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışdığı bir vaxtda qəbul edilib. İsrailli diplomatik mənbənin sözlərinə görə, ölkə bu qərardan heç nə qazanmayacaq.
Məqalədə qeyd olunub ki, Ermənistan sakinlərinin əksəriyyətinin İsrailin qərarına reaksiyası birmənalı olmayıb.
"Sosial şəbəkələrdə fikirlər iki yerə bölünüb: bəziləri İsrailin motivlərinə şübhə ilə yanaşır, digərləri isə onun bu yol ilə "öz günahlarını yumaq" cəhdini açıq şəkildə ələ salır", - materialda vurğulanıb.
Müəllif bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın reaksiyası da təmkinli olub.
"İsrailin "erməni soyqırımı"nı tanımaq qərarı gözlənilmədən və bildiyimiz qədər, Ermənistan ilə heç bir məsləhətləşmə aparılmadan qəbul edilib. Bu qərar məhz Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesində olduğu bir vaxtda baş verib", - məqalədə qeyd edilib.
Müəllif vurğulayıb ki, Bakıda da İsrailin bu qərarı təəccüb doğurub:
"Görünür ki, bu qərarın qəbulu zamanı Azərbaycanın maraqları nəzərə alınmayıb. İsrail-Azərbaycan sıx münasibətlərinə və silah, kəşfiyyat, neft və qaz sahələrində geniş əməkdaşlığa baxmayaraq, bildiyimiz qədər, qərar elan olunmazdan əvvəl Azərbaycana məlumat verilməyib. Buna cavab olaraq Azərbaycan İsrail hökumətini bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.