Yelo Bank-da Violette Mentorship-in məzun günü keçirilib - FOTO

13 iyun 2026-cı il tarixində “Yelo Bank”ın baş ofisində gənc qadınların şəxsi, akademik və peşəkar inkişafını dəstəkləyən “Violette Mentorship” proqramının 2025-2026-cı tədris ili üzrə məzun mərasimi keçirilib.
Tədbirdə proqramın mentiləri, mentorları, məzunları, tərəfdaşları, eləcə də özəl və dövlət sektorunu təmsil edən qonaqlar iştirak ediblər.
Mərasimin açılışında “Violette Mentorship”in təsisçisi Aytac Əhmədova və proqram rəhbəri Sevinc Hüseynova çıxış edərək proqramın son bir ildə əldə etdiyi nəticələr, icmanın inkişafı və gənc qadınların dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Çıxış zamanı qeyd olunub ki, “Violette Mentorship” fəaliyyətə başladığı 2023-cü ildən etibarən ölkənin müxtəlif bölgələrindən olan gənc qadınlara mentorluq, təlim və inkişaf imkanları təqdim edib. Bu il proqram çərçivəsində daha 33 menti məzun olaraq Violette məzunları sırasına qoşulub. Bununla da proqramın ümumi məzun sayı 82 nəfərə çatıb.
Tədbir çərçivəsində “Yelo Bank” rəhbərliyinin nümayəndələri və tərəfdaş təşkilatların təmsilçiləri çıxış edərək gənc qadınların inkişafına yönəlmiş təşəbbüslərin əhəmiyyətindən danışıblar.
Mərasimin əsas hissələrindən biri “Mentidən liderə: öz hekayəsini yazan qadınlar” adlı panel müzakirəsi olub. Paneldə “STEP IT Academy”nin icraçı direktoru Aydan Haşımova, “Zəhra Kosmosda” platformasının təsisçisi Zəhra İmanova və “Kapital Bank”ın maliyyə üzrə data analitiki Fatimə İbadova iştirak ediblər. Spikerlər öz karyera yolları, qarşılaşdıqları çətinliklər və liderlik təcrübələri barədə iştirakçılarla fikirlərini bölüşüblər.
Tədbir zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzinin Birinci Səviyyə Dəstək Sektorunun müdiri Nəzrin Quliyeva dövlət sektorunda qadınların rolu və inkişaf imkanları mövzusunda çıxış edib.
Tədbirdə proqram iştirakçılarına sertifikatlar təqdim olunub, il ərzində fərqlənən mentilər xüsusi olaraq təltif ediliblər.
“Violette Mentorship”in təsisçisi Aytac Əhmədova çıxışında bildirib ki, proqramın əsas məqsədi gənc qadınların potensialını üzə çıxarmaq, onların təhsil və karyera imkanlarına çıxışını genişləndirmək, eyni zamanda dəstək və inkişaf icması formalaşdırmaqdır. Sevinc Hüseynova isə çıxışında vurğulayıb ki, proqramın ən böyük uğurlarından biri məzunların sonradan mentor, təlimçi və komanda üzvü kimi geri qayıdaraq yeni nəsil mentilərin inkişafına töhfə verməsidir.
Qeyd edək ki, “Violette Mentorship” 15-25 yaşlı aztəminatlı ailələrdən olan qızlar üçün ödənişsiz mentorluq proqramıdır. Proqram iştirakçılara mentor dəstəyi, peşəkar inkişaf təlimləri, danışıq klubları, şəbəkələşmə imkanları və müxtəlif karyera istiqamətləri üzrə inkişaf resursları təqdim edir. Proqram fəaliyyətə başladığı gündən etibarən gənc qadınların təhsil, karyera və şəxsi inkişaf imkanlarını genişləndirməyi hədəfləyir. Bu günə qədər proqram çərçivəsində 82 məzun yetişib və onların bir qismi artıq beynəlxalq təhsil proqramlarında iştirak edir, ölkənin aparıcı şirkətlərində çalışır, bəziləri isə yenidən icmaya qayıdaraq mentor və komanda üzvü kimi fəaliyyət göstərirlər.
2025-2026-cı il ərzində proqram çərçivəsində ümumilikdə 26 mentor fəaliyyət göstərib və 29 mentor-menti cütlüyü formalaşdırılıb. Bu il proqramı uğurla tamamlayan 33 mentidən 17-si xaricdə təhsil, 12-si karyera inkişafı, 4-ü isə sahibkarlıq istiqaməti üzrə mentorluq alıb.
Sahibkarlıq istiqamətində iştirak edən bütün mentilər proqram üzrə müəyyən edilmiş inkişaf göstəricilərini uğurla tamamlayıblar. İl ərzində iştirakçılar mentor dəstəyi ilə öz karyera planlarını formalaşdırıb, xaricdə təhsil müraciətlərinə hazırlaşıb, peşəkar bacarıqlarını inkişaf etdirib və yeni imkanlara çıxış əldə ediblər.
Tədbirin əsas tərəfdaşları “Yelo Bank” və “Urban Crew” şirkətləri olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
Şəkil Qalereyası








