Fərid Şəfiyev: ŞƏT-də çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var

“Bir çox ekspert və siyasətçi çoxtərəfliliyin böhranından bəhs etsə də, müharibələr və qarşıdurmalar diplomatiya və çoxtərəfli əməkdaşlığın zəruriliyini daha da aktuallaşdırıb”.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Beyin Mərkəzlərinin Forumunun (2026 SCO Think Tank Forum) birinci günündə keçirilən plenar sessiyada çıxışı zamanı deyib.
ŞƏT-in regional və qlobal məsələlərin həllinə yönəlik koordinasiyalı platforma olduğunu vurğulayan Fərid Şəfiyev bildirib ki, qurum çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var.
Onun sözlərinə görə, təşkilatın genişlənməsi müəyyən çətinliklərlə müşayiət olunur, çünki konsensus əldə etmək getdikcə daha mürəkkəb prosesə çevrilir.
“Azərbaycanın tərəfdaş statusunu yüksəltmək istəyi hazırda bir üzv dövlət tərəfindən bloklanır. Konsensus prinsipi üzv dövlətlərin bərabərliyini əks etdirdiyi üçün öz əhəmiyyətini qoruyur. Bununla yanaşı, təşkilat elə mexanizmlər formalaşdırmalıdır ki, hər hansı bir üzv dövlət çoxluğun dəstəklədiyi təşəbbüslərin həyata keçirilməsinə uzun müddət mane ola bilməsin”, – deyə BMTM sədri qeyd edib.
Fərid Şəfiyev vurğulayıb ki, təşkilata üzv dövlətlərin sayının artması milli maraqlardakı fərqlər səbəbindən qərarların qəbulunda çətinliklər və gecikmələr yarada bilər.
“Buna görə də kompromisi təşviq edən, məsləhətləşmələri gücləndirən və dövlətlər arasında alternativ əməkdaşlıq imkanları yaradan prosedurların tətbiqi təşkilatın həm səmərəli fəaliyyət göstərməsinə, həm də inklüziv xarakterini qorumasına kömək edə bilər”, – o əlavə edib.
BMTM sədri, həmçinin ŞƏT-in Qlobal Cənub ölkələrinə yönəlik yanaşmasının təşkilatın çoxtərəfli mexanizmlərinin daha səmərəli işləməsinə, Qlobal Cənub ölkələri üçün bərabər imkanların təmin olunmasına və region dövlətlərinin prioritetlərinin qorunmasına xidmət etməsinin vacibliyini qeyd edib.
Çıxışının sonunda Fərid Şəfiyev ŞƏT-ə üzvlüyün Azərbaycan üçün əhəmiyyətinə də toxunub.
“ŞƏT-ə üzvlük Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu xarici siyasət prioritetlərinə uyğun gələn iqtisadi, siyasi və strateji imkanlar və üstünlüklər vəd edir”, – deyə o bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
Şəkil Qalereyası

